HÜQUQİ
Məxfilik siyasəti
Bu sənəd asisDENT-in hansı məlumatı topladığını, nə üçün topladığını, kimə ötürdüyünü və sizin nəyi tələb edə biləcəyinizi izah edir. Hüquqi dildə yazılması vacib olan yerlərdə hüquqi dil saxlanılıb, qalan hər yerdə adi dildə yazılıb.
Qısaca
- Xəstənin məlumatı klinikanındır, bizim deyil. Biz onu klinikanın tapşırığı ilə saxlayırıq və qoruyuruq.
- Bu saytda kuki yoxdur: analitika, reklam pikseli və izləyici yoxdur. Səhifə öz domenindən başqa heç bir ünvana sorğu göndərmir.
- Müraciət formasını göndərəndə məlumat serverimizə düşmür: sizin e-poçt proqramınız hazır mesajla açılır, göndərməyi siz edirsiniz.
- Xəstəyə gedən bildirişdə diaqnoz, müalicə planı və rentgen olmur — yalnız randevu vaxtı və təsdiq keçidi.
- Məlumatınızı istədiyiniz vaxt götürə bilərsiniz. Abunə bitəndə baza dərhal silinmir, sistem oxu rejiminə keçir.
1. Bu siyasət nəyi əhatə edir
Siyasət üç səthə aiddir:
- asisdent.az — bu marketinq saytı.
- app.asisdent.az — klinikanın işlədiyi sistem: təqvim, xəstə kartı, diş xəritəsi, müalicə planı, hesabatlar.
- asisDENT mobil tətbiqi — həkimin və işçinin telefonda işlədiyi giriş.
Klinikanın öz saytı, sosial şəbəkə səhifəsi, öz işlətdiyi digər proqramlar və xəstənin öz mesajlaşma tətbiqi bu siyasətə daxil deyil: onların öz şərtləri var.
2. Tərəflər: kim nəyə cavabdehdir
Bu, sənədin ən vacib bəndidir, çünki qalan hər şey bundan çıxır. Xəstə məlumatının sahibi klinikadır; biz onu klinikanın tapşırığı ilə emal edirik.
| Tərəf | Rolu | Nəyə cavabdehdir |
|---|---|---|
| Klinika və ya həkim | Mülkiyyətçi (məlumatın sahibi) | Hansı məlumatı toplayacağını seçir, xəstədən razılığı alır, işçilərə girişi verir və geri alır, məlumatın doğruluğuna cavabdehdir. |
| asisDENT (techSA) | Operator — klinikanın tapşırığı ilə emal edən | Məlumatı saxlayır, qoruyur və yalnız klinikanın tapşırdığı əməliyyatları yerinə yetirir. Öz məqsədi üçün istifadə etmir. |
| Xəstə | Məlumat subyekti | Öz məlumatı barədə soruşmaq, onu düzəltmək və silinməsini tələb etmək hüququ var. Müraciəti klinikaya edir. |
Bunu açıq yazırıq: xəstə məlumatını satmırıq, reklam üçün ötürmürük və bir klinikanın məlumatını başqasına göstərmirik.
3. Hansı məlumatları toplayırıq
3.1 Bu saytda
- Kuki yoxdur. Analitika, reklam pikseli, sosial şəbəkə düyməsi və xarici şrift yoxdur. Səhifə öz domenindən başqa heç bir hostla əlaqə qurmur.
- Brauzer yaddaşı: seçdiyiniz işıqlı və ya qaranlıq rejim brauzerinizdə saxlanılır. Bu dəyər bizə göndərilmir.
- Serverin texniki jurnalı: səhifəni açanda veb-server sorğunun vaxtını, IP ünvanını, brauzerin adını və açılan ünvanı qeyd edir. Bu, nasazlıq axtarışı və təhlükəsizlik üçündür; reklam üçün istifadə olunmur.
- Müraciət forması: ad, klinikanın adı, telefon, e-poçt, seçdiyiniz paket və yazdığınız qeyd. Bu məlumat serverimizə göndərilmir — düyməni basanda sizin e-poçt proqramınız hazır mesajla açılır. Yəni məlumat bizə yalnız sizin göndərdiyiniz e-poçt kimi gəlir və yalnız sizinlə əlaqə üçün istifadə olunur.
3.2 Sistemdə
Sistemdə saxlanan məlumat üç qrupa bölünür:
- Hesab məlumatı: istifadəçinin adı, e-poçtu, telefonu, rolu və şifrəsinin geri çevrilə bilməyən izi (hash). Şifrənin özü heç bir yerdə açıq saxlanılmır.
- Klinika məlumatı: klinikanın adı, ünvanı, əlaqə nömrələri, iş saatları, xidmətlər, qiymətlər, həkim və işçi siyahısı.
- Xəstə məlumatı: ad və soyad, əlaqə nömrəsi, doğum tarixi, randevu tarixçəsi, diş xəritəsi, müalicə planı və seansları, rentgen şəkilləri və sənədlər, ödəniş qeydləri, klinikanın yazdığı qeydlər. Bu məlumat tibbi məlumat sayılır və sistemdə ona uyğun davranılır.
Bundan başqa sistem hər əməliyyatın izini saxlayır: kim nə vaxt nəyə baxdı və nəyi dəyişdi. Bu jurnal klinikanın özünü qoruyur.
4. Nə üçün istifadə olunur
| Məqsəd | Hüquqi əsas |
|---|---|
| Randevunun yazılması, təsdiqi, xatırlatması və ləğvi | Klinika ilə müqavilənin icrası; xəstənin razılığı |
| Xəstə kartının, müalicə planının və sənədlərin saxlanması | Klinikanın tapşırığı ilə emal; tibbi qeydin saxlanması |
| Hesabatlar və ödəniş qeydləri | Klinikanın qanuni maraqları; mühasibat tələbləri |
| Hesabın qorunması, sui-istifadənin aşkarlanması | Qanuni maraq; təhlükəsizlik öhdəliyi |
| Dəstək və nasazlıqların aradan qaldırılması | Müqavilənin icrası |
| Sizinlə əlaqə (müraciət formasından gələn mesaj) | Sizin razılığınız |
Dəstək zamanı klinikanın məlumatına yalnız işin həlli üçün lazım olan həcmdə baxılır.
5. Bildirişlər və üçüncü tərəflər
Bildirişlər klinikanın seçdiyi kanallarla — WhatsApp, Telegram, SMS və e-poçtla — göndərilir və yalnız randevu üçün lazım olan minimum məlumatı daşıyır. Bu kanallar bizim deyil, öz məxfilik şərtləri ilə işləyir və onların bir qismi Azərbaycandan kənardadır.
Bu kanallara heç vaxt getməyənlər: diaqnoz, müalicə planı, rentgen və digər şəkillər, klinikanın qeydləri, ödəniş məbləği, maliyyə hesabatları.
Sistem icarəyə götürülmüş serverdə işləyir və trafik hücumlardan qoruyan xidmət üzərindən keçir. Xidmət göstərənlərin tam siyahısı və hər birinə ötürülən məlumatın həcmi klinika ilə bağlanan müqavilədə göstərilir.
6. Kukilər və brauzer yaddaşı
- Saytda kuki yoxdur, ona görə burada kuki razılığı pəncərəsi də yoxdur. Yeganə saxlanan dəyər seçdiyiniz işıqlı və ya qaranlıq rejimdir və o, brauzerinizdə qalır.
- Sistemdə bir zəruri kuki var: girişinizin davam etməsi üçün sessiya kukisi. Onsuz sistem işləmir, ona görə bu kuki seçimə bağlı deyil. Reklam və ya izləmə kukisi yoxdur.
7. Məlumatın saxlandığı yer
Sistem və onun ehtiyat nüsxələri asisDENT üçün ayrılmış serverdə saxlanılır. Ölkədən kənara çıxan məlumat axınları 5-ci bənddə göstərilən xidmətlərlə məhdudlaşır; təfərrüat klinika ilə bağlanan müqavilədədir.
8. Nə qədər saxlanılır
- Abunə davam etdiyi müddətdə məlumat olduğu kimi saxlanılır.
- Silinən qeyd dərhal yox olmur: səhvən silinən bərpa oluna bilsin deyə bir müddət saxlanılır, sonra tam silinir.
- Müqavilə bitəndə məlumat bir ay oxu rejimində qalır və ixrac edilə bilir; bir aydan sonra hesab və üzərindəki məlumat birdəfəlik silinir.
- Klinika məlumatın tam silinməsini yazılı tələb edərsə, tibbi qeydin qanunla müəyyən edilmiş saxlanma müddəti nəzərə alınmaqla silinir və silinmə barədə klinikaya təsdiq verilir.
- Serverin texniki jurnalları məhdud müddət saxlanılır və avtomatik silinir.
Dəqiq müddətlər klinika ilə imzalanan müqavilədə göstərilir, çünki onlar klinikanın öz tibbi qeyd saxlama öhdəliyindən asılıdır.
9. Təhlükəsizlik
- Brauzerlə server arasında gedən hər şey şifrələnir.
- Şifrələr geri çevrilə bilməyən şəkildə saxlanılır. İki mərhələli doğrulamanı özünüz qoşursunuz.
- Hər klinikanın məlumatı digərlərindən ayrıdır.
- Kim nə vaxt nəyə baxdı və nəyi dəyişdi — qeydə alınır.
Heç bir sistem tam qorunmuş deyil. Ona görə 12-ci bənddə pozuntu halında nə edəcəyimizi də yazırıq.
10. Hüquqlarınız
Məlumat subyekti kimi sizin hüququnuz var:
- hansı məlumatın saxlandığını bilmək və onun nüsxəsini almaq;
- səhv məlumatı düzəltdirmək;
- məlumatın silinməsini tələb etmək;
- verdiyiniz razılığı istənilən vaxt geri götürmək.
Xəstəsinizsə, müraciətinizi müalicə olunduğunuz klinikaya edin: məlumatın sahibi odur. Müraciət bizə gəlsə, onu klinikaya yönləndiririk və klinikaya texniki köməyi biz veririk.
Klinikasınızsa, məlumatınızı sistemin özündən ixrac edə bilərsiniz; kömək lazım olsa aşağıdaki əlaqə bölməsindəki ünvana yazın.
Hesabın bağlanması və üzərindəki məlumatın silinməsi üçün ayrıca səhifə var: hesabın silinməsi.
11. Uşaqların məlumatı
Uşaq pasiyentin məlumatı valideynin və ya qanuni nümayəndəsinin razılığı ilə emal olunur. Bu razılığın alınması klinikanın məsuliyyətindədir. Sistem uşaq xəstə üçün ayrıca kart tutur və ona da yuxarıda sadalanan qoruma qaydaları eyni şəkildə tətbiq olunur.
12. Məlumat pozuntusu
Məlumatın icazəsiz əldə edilməsi və ya açılması aşkarlanarsa hadisəni dərhal araşdırırıq, səbəbi bağlayırıq və təsirlənmiş klinikalara nəyin baş verdiyini yazırıq. Xəstələrin və səlahiyyətli dövlət orqanlarının məlumatlandırılması klinikanın öhdəliyidir; bunun üçün lazım olan texniki məlumatı biz veririk.
13. Dəyişikliklər və əlaqə
Siyasət dəyişəndə bu səhifədəki «son yenilənmə» tarixi yenilənir. Mühüm dəyişiklik olarsa, klinikalar yeni mətni sistemə növbəti girişdə görür və təsdiqləyir. Köhnə redaksiyanı soruşa bilərsiniz.
Əlaqə
Məxfiliklə bağlı hər sual üçün yazın. İş günlərində cavab veririk.
- Platforma
- asisDENT
- İşlədən
- techSA
- E-poçt
-
info bildiyiniz işarə
asisdent nöqtə az
info bildiyiniz işarə techsa nöqtə az Ünvanı bilərəkdən açıq yazmırıq: hüquqi səhifə e-poçt toplayan robotların ilk dayanacağıdır. İşarələri yerinə qoyun, ünvan alınır. - Müraciət
- Yazılı müraciət üstünlük təşkil edir: cavabın və müddətin izi qalır. Telefonla danışmaq lazımdırsa, e-poçtda yazın, biz zəng edək.